MDM-in tarixi

MDM-in tarixi inkişaf yolu

 

Azərbaycan fond bazarının infrastrukturunda mərkəzi mövqedə olan Milli Depozit Mərkəzi (MDM) qiymətli kağızların saxlanmasını, onlar üzərində mülkiyyət hüquqların qeydiyyatını və qiymətli kağızlar üzrə ticarətdən sonrakı hesablaşmaları həyata keçirən depozitar təşkilatı kimi ölkəmizin aparıcı maliyyə institutlarından biridir.

Bu təsisatın yaranma tarixi dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesi ilə bağlıdır. Belə ki, “Milli Depozit Mərkəzi” anlayışı ilk dəfə 1995-ci ildə “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı"nda öz əksini tapmışdır. Qiymətli kağızlar bazarında mərkəzləşdirilmiş depozitar xidmətinin yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 14 may tarixli Fərmanı ilə “Milli Depozit Sistemi haqqında” və “Dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı yaradılmış səhmdar cəmiyyətlərinin və ixtisaslaşdırılmış çek investisiya fondlarının səhmdarlarının reyestrinin aparılması qaydaları haqqında” Əsasnamələr təsdiq edilmiş və 1997-ci il 18 sentyabr tarixindən etibarən MDM fəaliyyətə başlamışdır.

İlk dövrlərdə MDM yalnız özəlləşdirilmiş səhmdar cəmiyyətlərinin emitentlərinə və səhmdarlarına depozitar və reyestrsaxlayıcı xidmətlərini göstərirdi. Bu xidmətlər yeni yaradılan səhmdar cəmiyyətlərinin qiymətli kağızlarının müəyyən olunmuş qaydada saxlanılmasını, nağd və nağdsız dövriyyəsinin təmin edilməsini, səhmdarların reyestrinin aparılmasını, qiymətli kağız mülkiyyətçilərinin alqı-satqı müqavilələrinin qeydiyyatını, qiymətli kağız sahiblərinə səhm sertifikatlarının təqdim edilməsini və s. əhatə edirdi.

MDM ilə özəlləşdirmə nəticəsində yeni yaradılan səhmdar cəmiyyətləri ilə  depozitar xidmətlərinin göstərilməsi haqqında ilk müqavilə 1998-ci ildə bağlanılmışdır. Həmin dövrdə qeydiyyata alınan bütün əqdlər birjadankənar xarakter daşıyırdı. 2000-ci ildə Bakı Fond Birjası təsis edildikdən sonra MDM birja əqdlərinin də qeydiyyatını aparmağa başladı.

Özəlləşdirmə prosesinə dəstək verən təşkilat kimi yaradılmış MDM tədricən korporativ sektora da nüfuz edərək ilk dəfə 2001-ci ildə dövriyyədə yeni məhsul sayılan istiqraz bazarına da depozitar xidmətlərini göstərməyə başlamışdır. Sonrakı dövrlərdə MDM digər depozitarlar tərəfindən xidmət göstərilən maliyyə sektoru müəssisələrinin qiymətli kağızlarını saxlanmaya cəlb etməyə müvəffəq olmuşdur.

Müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması və sürətləndirilməsi məqsədi ilə inzibati statusunu və mərkəzdən uzaq məsafədə olduğunu nəzərə alaraq 2005-ci ildə Naxçıvan Muxtar Respublikasında Milli Depozit Mərkəzinin filialının yaradılması məqsədəuyğun hesab edilmişdir.

 MDM-in  Naxçıvan  filialı  (“Filial”) Azərbaycan  Respublikası  Prezidentinin 22 sentyabr 2005-ci il tarixli 1018 nömrəli “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətinin Naxçıvan Muxtar Respublikasında təşkil edilməsi haqqında” Sərəncamına əsasən təsis edilmişdir. Filialın Əsasnaməsi Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 01 mart 2006-cı il tarixində təsdiq edilmişdir. Filial 2006-ci ildən fəaliyyətə başlamışdır.

MDM beynəlxalq münasibətlər üzrə də fəaliyyətini quraraq, əsas istiqamət kimi xarici ölkələrin fond bazarlarının və depozitarların ən qabaqcıl təcrübələrinin öyrənilməsi, təhlil edilməsini və MDM-də bu təcrübələrin tətbiq edilməsi üçün xarici həmkarlar ilə əməkdaşlığın yaradılması üçün müəyyən işlər görmüşdür. Bu məqsədlə, MDM 2004-cü ildə Avrasiya Mərkəzi Depozitarlar Assosiyasiyasının (AECSD) təsis edilməsində iştirak etmiş və hal-hazırda həmin təşkilatın bütün işlərində aktiv fəaliyyət göstərir. Həmçinin, MDM Turkiyə, Yunanıstan, Ruminiya, MDB dövlətlərinin Mərkəzi Depozitarları ilə əməkdaşlıq barədə memorandumlar imzalamışdır.

Azərbaycan qiymətli kağızlarının beynəlxalq bazarlara çıxışını təmin etmək məqsədilə 2006-cı ildən MDM Milli Nömrələyici Agentliklər Assosiyasiyası (ANNA) ilə qlobal əməkdaşlığa dair müqavilə imzalamış və Azərbaycan üzrə Milli Nömrələyici Agentlik olaraq səlahiyyətləndirilmişdir. Bu status müqabilində MDM Azərbaycanda emissiya edilən qiymətli kağızlara ISIN beynəlxalq eyniləşdirmə kodları verməyə başlamışdır.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 may tarixli Sərəncamı ilə “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının təsdiq edilməsi ilə bağlı Azərbaycanda qiymətli kağızlar bazarının inkişafına əsaslı təkan verildi. Belə ki, Dövlət Proqramı bazarın bütün sahələrinin inkişaf istiqamətlərini müəyyən edərək, mövcud bazar infrastrukturlarının təkmilləşdirilməsini və yeni institutların yaradılmasını zəruriyyətə çevirdi.

Bütövlükdə milli deposit sisteminin, o cümlədən bu sistemin mərkəzi institutu  kimi MDM-nin inkişaf strategiyası da həmçinin, Dövlət Proqramında öz əksini tapmışdır. Proqramın əsas məqsədi beynəlxalq standartlara cavab verən və kapitalın cəlb edilməsi üçün iqtisadiyyata geniş imkanlar yaradan müasir qiymətli kağızlar bazarının yaradılmasıdır. 

Dövlət Proqramının icrası ilə bağlı  Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin 14 iyul 2015-ci il tarixli Fərmanı ilə “Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu” qüvvəyə minmişdir. Yeni qanunun tətbiqi  qiymətli kağızlar bazarında strukturunda və o cümlədən depozitar sistemində bir sıra dəyişikliklərə səbəb oldu. Qanuna əsasən, MDM depozitar sisteminin mərkəzi institutu kimi Mərkəzi Depozitar elan edildi.  

Qanun qüvvəyə mindiyi 15 sentyabr 2015-ci il tarixindən klirinq və depozitar lisenziyalarının fəaliyyəti dayandırıldı və mövcud olan depozitarlar bütün saxladığı qiymətli kağızları, reyestrsaxlayıcılar isə qiymətli kağızlar sahiblərinin reyestrlərini Milli Depozit Mərkəzinə ötürdülər.

 Həmçinin, “Qiymətli kağızlar bazarı haqqında qanun”a əsasən MDM qapalı səhmdar cəmiyyəti kimi ləğv edilərək yenidən, qeyri-kommersiya hüquqi şəxsi olaraq təşkil edildi.

Beləliklə də, “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının əsas istiqamətlərindən biri qiymətli kağızların depozitar-uçot sistemi, o cümlədən qiymətli kağızlar və onlar üzərində hüquqların qeydiyyatı mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində işlərin böyük hissəsi artıq tamamlandı. Belə ki, ölkədə emissiya edilən bütün investisiya qiymətli kağızlarının mərkəzi depozitar sistemi yaradıldı, qiymətli kağızlar və onlar üzərində hüquqların qeydiyyatı sistemi təmərküzləşdirildi. Qiymətli kağızların girovla və digər səbəblərdən öhdəliklərlə yüklənməsi mərkəzi depozitar sistemi vasitəsilə həyata keçirilməyə başlandı. Həmçinin, qiymətli kağızlarla ticarətin səmərəliliyinin artırılması və risklərin azaldılması məqsədilə mərkəzləşdirilmiş klirinq sistemi yaradıldı.

Mərkəzləşdiriliş klirinq sistemi, birjanın ticarət sistemi də daxil olmaqla vahid proqram təminatı əsasında işləməsi nəzərdə tutulmuşdu. Bu məqsədlə, 17 fevral 2016-ci il tarixində Azərbaycanın qiymətli kağızlar bazarının bütün infratruktur institutlarını birləşdirərək dünyada bu sahədə tətbiq edilən qabaqcıl texnologiyalar əsasında yaradılmış vahid sistem istifadəyə verildi. Yeni vahid sistem funksionallıq, iş prinsipi və ticarət imkanları baxımından tam müasir system olmaqla bazar iştirakçılarına təhlükəsiz və  yüksək sürətli yeni istiqamətlər yaratdı.

Yeni Sisteminin istifadəçiləri ticarətin təşkilatçısı olan Bakı Fond Birjası, Mərkəzi Depozitar və klirinq təşkilatı kimi MDM, ticarət üzvləri olan İnvestisiya şirkətləri və bazarın tənzimləyici orqanı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasıdır.

“Azərbaycan Qiymətli Kağızlar Bazarının Vahid Ticarət, Ticarət Sonrası və Nəzarət Sistemi”nə qısa olaraq CETA adı verilmişdir (oxunuş qaydası - [SETA], abreviaturanın açılışı – “Centralised Exchange Trading in Azerbaijan”, Azərbaycanca – “Azərbaycan Mərkəzləşmiş Birja Ticarət Sistemi”).

Hal hazırda MDM “Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu”na müvafiq olaraq qiymətli kağızların saxlanması və uçotunun aparılması, qiymətli kağız mülkiyyətçilərinin hesablarının uçotunun aparılması, qiymətli kağızlar və onların mülkiyyətçilərinin hesabları üzrə elektron sistemin təşkilinin və aparılmasının təmin edilməsi, qiymətli kağız mülkiyyətçilərinin reyestrinin aparılması, nominal saxlayıcıların hesablarının uçotunun aparılması, qiymətli kağızların öhdəliklərlə yüklənməsinin qeydiyyatı, müştərilərin sorğusu əsasında hesablarından çıxarışların və aparılmış əməliyyatlar haqqında məlumatların verilməsi, İnvestisiya fondlarına xidmətlər, klirinq fəaliyyəti və qanunvericiliklə müəyyən edilmiş digər xidmətləri həyata keçirir.