Ödəniş agenti xidməti -  qiymətli kağızlar üzrə ödənişlərin hesablanması və qiymətli kağız mülkiyyətçilərinə ödənilməsində vasitəçilik üzrə xidmətdir. Ödənişlər dividend, faiz və əsas məbləğləri üzrə həyata keçirilir.

Ödəniş agenti xidmətinin həyata keçirilməsi müvafiq müqavilə ilə tənzimlənir. Ödəniş agenti müqaviləsi  ödəniş agentinin mülkiyyətçiyə ödəməsi üçün emitent tərəfindən ödənişlərin edilməsi qaydasını, həmçinin  ödəniş agentinin ödənişləri investora çatdıracağı vaxtı və metodu müəyyən edir. Ödəniş agenti səhmlər üzrə səhmdara dividendlərin, istiqrazlar üzrə isə istiqraz mülkiyyətçisinə kupon ödənişlərinin ödənilməsi müqabilində müəyyən edilmiş xidmət haqqını alır.  

Ödəniş agenti xidmətinə vergi agenti xidməti də daxil ola bilər. Vergi agenti xidməti - investorlar tərəfindən qiymətli kağızlar üzrə əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin hesablanması və müvafiq qaydada dövlət büdcəsinə köçürülməsi üzrə xidmətdir. Ödəniş agentinin vergi agenti xidmətini göstərməsi müqavilə ilə müəyyən olunur.

Ödəniş agenti qismində adətən banklar çıxış etsələr də, mərkəzi depozitarlar da bu xidməti göstərə bilər. 

Milli Depozit Mərkəzinin ödəniş agenti xidməti üzrə vəzifələri aşağıdakılardır:

  • qiymətli kağızlar üzrə dividend, faiz və əsas məbləğləri müvafiq reqlamentə uyğun olaraq hesablanması və investorlara ödənilməsini təmin etmək;
  • qüvvədə olan qanunvericiliyə uyğun olaraq, investorlar tərəfindən qiymətli kağızlar üzrə əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin hesablanmasını və müvafiq qaydada dövlət büdcəsinə köçürülməsini təmin etmək;
  • sorğu əsasında qiymətli kağızlar üzrə qiymətli kağız mülkiyyətçilərinə ödənilmiş dividend,  əsas və faiz ödənişləri və bu ödənişlər üzrə ödəmə mənbəyində tutulmuş vergilər barədə məlumatı emitentə təqdim etmək.