1-5 aprel 2019-cu il tarixlərində Azərbaycan kapital bazarları iştirakçılarının nümayəndə heyəti, o cümlədən Milli Depozit Mərkəzinin əməkdaşları “Bilik Mübadiləsi Proqramı” (KSP) layihəsi çərçivəsində Cənubi Koreyanın Seul şəhərinə səfər ediblər.

Səfər zamanı nümayəndə heyəti Koreyanın maliyyə bazarlarının iştirakçıları, o cümlədən Koreyanın Mərkəzi Depozitarı (KSD), Koreya Fond Birjası (KRX), Koreyanın Maliyyə Bazarlarına Nəzarət Xidməti və digər təşkilatlar tərəfindən keçirilən seminarlarda iştirak edib. Seminarlar kapital və törəmə maliyyə alətləri, o cümlədən effektiv klirinq və hesablaşmalar sistemi, səhm, istiqraz, Forex və törəmə maliyyə alətləri bazarlarının inkişafı və digər aidiyyəti mövzular üzrə keçirilib. Həmçinin, iştirakçılara maliyyə bazarlarının təşkilatları tərəfindən göstərilən xidmətlər barədə təqdimat şəklində ətraflı məlumat verilib. Səfərin sonunda nümayəndə heyətimiz tərəfindən əldə edilən məlumatlar üzrə təqdimatlar hazırlanıb, Koreya həmkarları ilə müzakirə edilib və mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Koreya Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi tərəfindən həyata keçirilən KSP layihəsi Koreya Respublikası tərəfindən tərəfdaş ölkələrlə iqtisadi və siyasi əməkdaşlığın genişləndirilməsi məqsədilə yaradılmış inkişaf platformasıdır.