Milli Nömrələyici Agentlik öz ölkəsində qiymətli kağız buraxılışlarına və başqa maliyyə alətlərinə, xüsusən milli məzənnəyə və müxtəlif indekslərə beynəlxalq eyniləşdirmə nömrəsi olan ISIN (International Securities Identification Numbers) kodlarını təyin etməyə səlahiyyətli təşkilat hesab olunur. Bu səlahiyyət Milli Nömrələyici Agentliklər Assosiasiyası olan ANNA (Association of National Numbering Agencies) tərəfindən onun üzv təşkilatlarına verilir. 

Azərbaycan Respublikasında Milli Nömrələyici Agentlik statusu Milli Depozit Mərkəzinə (MDM) məxsusdur. Belə ki, 2006-cı ilin noyabr ayında MDM ilə ANNA arasında “Qlobal Əməkdaşlıq” haqqında razılaşma imzalanmış və MDM ANNA-nın rəsmi əməkdaşına çevrilmişdir. 2008-ci ildən etibarən isə MDM bu təşkilatın tamhüquqlu üzvü seçilmişdir. 

MDM Milli Nömrələyici Agentlik statusunu qazanmaqla Azərbaycanda buraxılan qiymətli kağızların beynəlxalq fond bazarlarına çıxışını və Azərbaycan qiymətli kağızlarına verilən dövlət qeydiyyat nömrələrinin dünya üzrə tanınmasını təmin etmişdir. Bununla, beynəlxalq identifikasiya kodlarını qiymətli kağızlara təyin etmək yolu ilə effektiv beynəlxalq identifikasiya sisteminin yaradılmasına köməklik göstərilməsi, qiymətli kağızlarla beynəlxalq əməliyyatlar çərçivəsində göstərilən kodlar haqqında məlumatın yayılması da MDM-in funksiyalarına daxil olmuşdur.