2006-cı ildən etibarən Milli Depozit Mərkəzi (MDM) Milli Nömrələyici Agentliklər Assosiasiyasının (ANNA) üzvüdür və Azərbaycan Respublikasının Milli Nömrələyici Agentliyi statusunu daşıyır. Bu assosiasiya özündə 110-dan artıq təşkilatı birləşdirir. Bu təşkilatların hər biri öz ölkəsində qiymətli kağız buraxılışlarına beynəlxalq ISIN (International Securities Identification Numbers) kodları təyin etmək səlahiyyətindədirlər. ISIN qiymətli kağızların beynəlxalq identifikasiya nömrəsi olmaqla beynəlxalq əməliyyatların və hesablaşmaların aparılması zamanı qiymətli kağızları birmənalı identifikasiya edən koddur. 2008-ci ilin aprel ayından başlayaraq MDM ISIN kodları ilə yanaşı qiymətli kağız buraxılışlarına CFI (Maliyyə Alətlərinin Təsnifatı) kodlarının da verilməsinə başlamışdır.

Qiymətli kağızlarla əməliyyatların qabaqcıl beynəlxalq standartlarının tətbiq edilməsi məqsədilə “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramında qiymətli kağız buraxılışlarının dövlət qeydiyyatının beynəlxalq kodların (ISIN) verilməsi ilə sinxronlaşdırılması nəzərdə tutulmuşdur. Bu layihənin reallaşması Azərbaycan qiymətli kağızlarının beynəlxalq bazarlara çıxış imkanları artırır.