“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq investisiya şirkətləri və investisiya fondlarının depozitarları Milli Depozit Mərkəzinin (MDM) üzvü ola bilər. Üzvlərə qarşı tələblər, üzvlüyə qəbul edilmə və üzvlükdən çıxarılma əsasları, həmçinin MDM və üzvlər arasında olan bütün münasibətlər MDM-in Üzvlük Qaydaları ilə tənzimlənir. Üzvlük əldə etmək istəyən şəxs daxili qaydalar ilə müəyyən edilmiş üzvlüyə dair tələblərə cavab verməli və MDM-ə ərizə ilə müraciət etməlidir. MDM-in üzvlük haqqında qərarı müraciət edənin müvafiq tələblərə uyğun olub-olmaması əsasında qəbul edilir. Üzvlük proseduru haqqında daha ətraflı məlumat MDM-in Üzvlük Qaydalarında verilmişdir.

Mərkəzi depozitarın üzvlərinin vəzifələri aşağıdakılardır:

  • qiymətli kağız mülkiyyətçilərinin hesablarının idarə edilməsi;
  • qiymətli kağızların depozitar sistemində ötürülməsinin təmin edilməsi;
  • müştərilər və onlara məxsus qiymətli kağızlar haqqında həmin müştərilərin hüquqlarının təsdiqi və müdafiəsi üçün zəruri olan məlumatların mərkəzi depozitara verilməsi;
  • müştərilərin sorğusu əsasında hesablarından çıxarışların və onlara aid olan aparılmış əməliyyatlar haqqında məlumatların verilməsi;
  • ləğv olunduqda və ya yenidən təşkil edildikdə və ya öz müştəriləri qarşısında öhdəliklərini yerinə yetirmədikdə, bu barədə müştərilərə məlumat verilməsi;
  • müştəri ilə bağlanmış müqaviləyə xitam verildikdə, həmin müqaviləyə xitam verilməsinin səbəblərini göstərməklə, bu barədə mərkəzi depozitara məlumat verilməsi;
  • investisiya fondlarının depozitarları tərəfindən həmçinin “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələrin icrası.

"Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən MDM-in müvafiq lisenziya almadan klirinq fəaliyyəti ilə məşğul olduğunu nəzərə alaraq, klirinq təşkilatı qismində MDM-ə investisiya şirkətləri və banklar üzv ola bilər.