Klirinq fəaliyyəti qiymətli kağızlarla və ya törəmə maliyyə alətləri ilə əqdlər üzrə qarşılıqlı öhdəliklərin müəyyən edilməsi məqsədi ilə məlumatların toplanması, yoxlanılması, tutuşdurulması, mövqelərin nettinqi, öhdəliklərin sıralanması, tələblərin əvəzləşdirilməsi üzrə fəaliyyətdir. Klirinq fəaliyyətinin həyata keçirilməsi qaydasını maliyyə bazarlarına nəzarət orqanı müəyyən edir.

Klirinq təşkilatı onun üzvləri olan investisiya şirkətləri və banklar ilə birlikdə ticarətsonrası sistemi təşkil edir. Klirinq təşkilatı yalnız mərkəzi depozitarda saxlanılan qiymətli kağızlar üzrə əməliyyatları həyata keçirir və hər ticarət günündə üzvlərinin icra etdiyi hər bir əqd üzrə ayrıca öhdəlikləri hesablayır və xalis mövqeləri müəyyən edir.

Klirinq fəaliyyəti ilə bağlı əməliyyatlar həyata keçirilərkən onların icra olunmaması risklərini azaltmaq məqsədi ilə klirinq fondu yaradıldıqda, klirinq təşkilatının üzvü olan bütün investisiya şirkətləri klirinq fondunda iştirak etməlidir. Klirinq fondunu klirinq təşkilatı idarə edir.

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Milli Depozit Mərkəzi müvafiq lisenziya almadan klirinq xidmətini göstərir.