Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin İdarə Heyətinin Sədri

Araz Əliyev


XX əsrin 90-cı illərinin əvvəllərində sosializm ictimai-siyasi quruluşunun iflasından sonra Azərbaycanda yeni bir mərhələyə qədəm qoyuldu. Mühüm proseslər fonunda yeni bazar iqtisadiyyatına inteqrasiya etmək, ölkədə müasir mülkiyyət formasının tətbiqinə nail olmaq, eyni zamanda müasir idarəetmə mexanizmini və strukturlarını formalaşdırmaq, bölgü münasibətləri, maliyyə, bank sistemlərinin yeni əsaslar üzərində qurulmasını təmin etmək, xarici iqtisadi əlaqələr yaratmaq kimi məsuliyyətli və tarixyüklü bir sıra vəzifələri yerinə yetirmək zəruriyyəti yaranmışdı.

Bu zəmində mövcud çətinliklərin öhdəsindən gəlmək, ölkədə olan siyasi xaosun aradan qaldırılması üçün ölkənin güclü bir liderə ehtiyacı yarandı. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümumilli lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixinin yeni mərhələsini, müstəqilliyini əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu. İlk növbədə, dövlət müstəqilliyimizin dayanıqlığına nail olmaq üçün ölkə daxilində siyasi sabitliyin bərqərar olması təmin edildi. Ümummilli liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı. İqtisadi artımın və istehsal potensialının bərpası iqtisadiyyatın müxtəlif sektorlarında kapitallaşma səviyyəsinin artırılmasını, eyni zamanda onların müasir istehsal bacarıqları və vərdişləri əsasında yenidən təşkilini zəruri edirdi. Bu tələbatın təmin edilməsi üçün ölkədə özəl sahibkarlığın inkişafı və əlverişli investisiya mühitinin formalaşdırılması üçün həyata keçirilən təşəbbüslər genişləndirildi. 1995-ci ildə Heydər Əliyevin qərarı ilə özəlləşdirmənin birinci mərhələsinə start verildi və səhmlərin buraxılışı və tədavülünə dair ilkin hüquqi münasibətlər, habelə Auksion Mərkəzi, “Mülk” Milli Depozit Mərkəzi kimi özəlləşdirmə prosesləri üçün zəruri infrastrukturu təmin edən institutlar formalaşdı. Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi fəaliyyətə başladığı dövrdən ölkənin kapital bazarının formalaşmasında yer almış ən mühüm institutlarından biri oldu.

Bu dövr ərzində Milli Depozit Mərkəzi mülkiyyət hüquqlarının qeydiyyatı və səhmdarlar arasındakı münasibətlərin tənzimlənməsində aktiv iştirak etmiş, yüzlərlə səhmdar cəmiyyəti, minlərlə investorlar təbəqəsinin formalaşmasında mühüm rol oynamışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin 14 iyul 2015-ci il tarixli fərmanı ilə qüvvəyə minmiş “Qiymətli kağızlar bazarı haqqında” qanunun tətbiqi ilə Milli Depozit Mərkəzi ölkənin Mərkəzi Depozitarına çevrildi və qiymətli kağızlar bazarının post ticarət infrastrukturunun mühüm funksiyalarının mərkəzləşdirilməsi həyata keçirildi.

Milli Depozit Mərkəzi olaraq, təşkilatımızda korporativ idarəetməni tətbiq etməklə institusional inkişafı gücləndirmək, informasiya texnologiyaları və məlumat axını sistemini daha da təkmilləşdirmək, qlobal iqtisadiyyatda gedən prosesləri nəzərə almaqla fərdi müştərilərə yönəlik xidmət çeşidini inkişaf etdirilməsinə nail olmaq, qiymətli kağızlar üzrə hesablaşmaların aparılmasında klirinq sistemini tətbiq etmək, korporativ müştərilərə müasir və keyfiyyətli depozitar və reyestrsaxlayıcı xidmətlərini təklif etmək həmçinin, insan resurslarının idarə edilməsini təkmilləşdirmək və yüksək komanda ruhu yaratmaq kimi istiqamətləri qarşımıza məqsəd qoyduq.

Mühüm maliyyə institutlarından biri kimi ölkənin qiymətli kağızlar bazarının inkişaf etdirilməsinə öz tövhəmizi əsirgəməyəcəyik. Bu istiqamətdə fəaliyyətimizin davam etməsi üçün Milli Depozit Mərkəzi həm peşəkar kollektivə, həm də güclü potensiala malikdir.