ISIN kod maliyyə alətini xarakterizə edən informasiyanı özündə daşımayan, sadəcə qiymətli kağızlarla hesablaşmalar və əqdlərin bağlanması zamanı qiymətli kağızların birmənalı identifikasiyasına xidmət edən 12-işarəli hərfi-rəqəmli koddur. İlk iki işarə ölkə kodunu müəyyən edir. Ölkə kodu iki hərfdən ibarət olub qiymətli kağızın qeydiyyata alındığı ölkəni və ya, emitentin hüquqi yerləşdiyi yeri (borc qiymətli kağızları istisna olmaqla) müəyyən edir. Borc qiymətli kağızlarına kodu bu alətin yerli və ya beynəlxalq olmasından asılı olaraq müvafiq Milli Nömrələyici Agentlik təyin edir. ISO 3166 standartına əsasən Azərbaycan emitentlərinin qiymətli kağızlarına verilən ölkə kodu “AZ” kimi ifadə olunur. Növbəti doqquz rəqəm, qiymətli kağızın buraxıldığı ölkədə qiymətli kağıza verilən dövlət qeydiyyat nömrəsindən (National Securities Identification Number, və ya NSIN) götürülür. Sonuncu rəqəm – yoxlayıcı rəqəmdir. 0-dan 9-a qədər olan bir rəqəmlə ifadə olunur. Yoxlayıcı işarənin konkret rəqəmli ifadəsi 10 “ikiqat artır – topla - ikiqat artır” (“Modulus 10 Double Add Double technique”) moduluna əsasən hazırlanmış xüsusi alqoritm vasitəsi ilə hesablanır.

Ümumi görünüşdə ISIN kodunun sxemi aşağıdakı kimidir. 
Ölkə kodu – 2 işarə 
Qiymətli kağızın buraxılış kodu – 9 işarə 
Yoxlayıcı rəqəm

Göstərilən standartlardan başqa, ISIN kodlarının Azərbaycan ərazisində təyin edilməsi “Azərbaycan ərazisində buraxılan qiymətli kağızlara beynəlxalq identifikasiya kodlarının verilməsi haqqında qaydalar”la tənzimlənir. 
Qiymətli kağızın identifikasiya kodu ISIN – emitentin ümumi əlamətlər daşıyan qiymətli kağızlarının birmənalı identifikasiyası üçün nəzərdə tutulan unikal koddur. 

Beynəlxalq identifikasiya kodlarının qiymətli kağızlara verilməsində məqsəd bir sistem çərçivəsində qiymətli kağızların və başqa maliyyə alətlərinin standartlaşdırılmış identifikasiyası və bu məlumatların fond bazarının iştirakçıları arasında yayılmasıdır. Beynəlxalq identifikasiya kodları və qiymətli kağızların standartlaşdırılmış təsviri maliyyə sənayesinin bütün sektorlarında istifadə olunur, dəqiq və effektiv klirinq və hesablaşmaların həyata keçirilməsi, əqdlərin bağlanması və qeydiyyata alınmasının bütün mərhələlərində məlumatın təhlilinin tam avtomatlaşdırılması, habelə hesablaşmaların tezləşdirilməsi üçün zəruri hesab edilir. 

ISIN kodunun təyin edilməsi proseduru 
ISIN kodları Beynəlxalq standartlaşdırma üzrə təşkilatın (International Standards Organization) Texniki komitəsi tərəfindən hazırlanmış ISO 6166 beynəlxalq standartlarına uyğun olaraq verilir. Bu standart qiymətli kağız buraxılışlarının beynəlxalq nömrələmə sisteminin rəqəmli işarələnməsi üçün ümümi struktur təyin edir və müxtəlif ölkə emitentlərinin qiymətli kağızlarına ISIN kodun verilməsi üçün məsul orqanları, həmçinin ISIN kodlarını ala bilən qiymətli kağızların siyahısını müəyyən edir. ISIN kodlar aşağıdakı qiymətli kağızlara təyin edilir: 
- investisiya qiymətli kağızları; 
- borc alətləri (müxtəlif istiqrazlar); 
- törəmə qiymətli kağızlar (opsionlar və fyuçerslər); 
- digər alətlər (veksellər, indekslər, valyuta). 

Beynəlxalq standart ISO 6166 Azərbaycan Respublikasının Standartlaşdırma, Patent və Metrologiya Agentliyində AZS–267 nömrəsi altında qeydiyyatdan keçmişdir və beləliklə Azərbaycan ərazisində hüquqi qüvvəyə malik olmuşdur.