Son zamanlarda ölkəmizin sürətlə modernləşən və güclənən iqtisadiyyatında kapital bazarlarının inkişafı istiqamətində mühüm işlər görülür. Kapital bazarlarında beynəlxalq təcrübənin öyrənilməsi, optimal və qabaqcıl dünya standartlarının tətbiq edilməsi ölkəmizin qarşısında duran prioritet məsələlərdəndir.

Kapital bazarının fundamental institutlarından biri olan Milli Depozit Mərkəzi (MDM) beynəlxalq əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Fəaliyyət göstərdiyi zaman ərzində MDM xarici həmkarları ilə işgüzar əlaqələr yaratmış, qarşılıqlı fəaliyyət üçün zəminlər müəyyən etmişdir.

Hal-hazırda Milli Depozit Mərkəzi ANNA, ISSA, AECSD kimi beynəlxalq nüfuzlu təşkilatların üzvüdür, 12 xarici depozitar təşkilatı ilə anlaşma memorandumu imzalamışdır.

Bundan əlavə, MDM qiymətli kağızlar bazarı ilə bağlı beynəlxalq konfranslar təşkilində maraqlı tərəf kimi yaxından iştirak edir. Belə ki, xarici ölkələrdən dəvət edilən ekspertlər və MDM əməkdaşlarının depozitar fəaliyyəti istiqamətində bilik və təcrübələrinin beynəlxalq təlim və seminarlarda inkişaf etdirilməsini qurulmuş əlaqələrə stimulverici hal kimi qeyd etmək mümkündür.